چکیده :

Ərdəbil vilayəti hazırda Iran İslam Respublikası ərazisinin 1 faiz sahəsini təşkil edir. Vilayətin şimalında Araz çayı, Azərbaycan Respublikasının Muğan düzü və Balharı çayı, şərqində Gilan vilayətinin Talış sıra dağları, cənubunda Zəngan vilayətinin dağları, dərələri və düzləri, qərbində isə Şərqi Azərbaycan vilayəti yerləşir. Coğrafi xassələrinə gəldikdə isə şimalda uzunluq dairəsi: 37 dərəcə və 45 dəqiqə, cənubda uzunluq dairəsi: 39 dərəcə və 42 dəqiqə, qərbdə en dairəsi 48 dərəcə və 55 dəqiqə, şərqdə en dairəsi: 47 dərəcə və 3 dəqiqədir. Son inzibati bölgüyə əsasən vilayət 9 rayondan ibarətdir: Ərdəbil, Biləsuvar, Parsabad, Xalxal, Givi (Kövsər), Germi, Meşkinşəhər, Nəmin, Nir. Ərdəbil şəhərinin en dairəsi 38 dərəcə və 15 dəqiqə, uzunluq dairəsi 48 dərəcə və 17 dəqiqədir. Vilayətin qərbində Savalan dağı yerləşir. Ərdəbilin iqlim şəraiti topoqrafiyasından asılı olaraq dəyişkəndir. Bölgə Qarasu və Balıqlı çayları vasitəsilə suvarılır. İran Azərbaycanının müxtəlif yerlərində, xüsusilə Urmiya və Ərdəbil ətrafında arxeoloji qazıntılar nəticəsində bu ərazilərin ulu keçmişdə məskunlaşmasına dair məlumatlar əldə edilmişdir. Arxeoloji faktlara əsasən Ərdəbil regionunda ən azı eradan əvvəl VI minillikdə yaşayış olmuşdur. Bölgə arxeoloji abidələr, başqa sözlə vaxtilə qala, şəhər və kənd olmuş yaşayış yerləri ilə zəngindir. Ərdəbilin bəzi yerlərində, xüsusilə şimal və şərq hissələrində aparılmış ilkin arxeoloji axtarışlar göstərir ki, Ərdəbil və ümumiyyətlə Azərbaycanın şərq hissəsi meqalitik mədəniyyətin mərkəzi olmuşdur. Azərbaycanın şərqində yaşayan qədim tayfalar onlarla dəyərli meqalitik əsər yadigar qoymuşlar (Məşkür, 1990). Şəhəryeri sahəsindəki son arxeoloji tapıntılar Ərdəbildə və ətraf rayonlarda yaşayan tayfaların səkkiz min illik mədəniyyətini daha da aydınlaşdırmışdır. Şəhəryerindəki daş heykəllər İğdırın nalvari ocaqları üzərində cızılmış fiqurlarla eynilik təşkil edir. Abidədə aşkar edilmiş daş heykəllər oranı qonşu mədəniyyətlərdən fərqləndirir. Bu mədəniyyətin təsnifat xarakteri hələlik qaranlıq qalsa da ən azı belə bir nəticə çıxarmaq olar ki, onun daşıyıcıları çox zəngin mədəniyyətə malik olmuşlar. Qeyd etmək lazımdır ki, qazıntıların kiçik sahələrlə məhdudlaşmasına görə bu mədəniyyətin ömrü və yayılma arealı haqqında qəti fikir söyləmək çətindir. Lakin bir şey məlumdur ki, Şəhəryerində aşkar edilmiş tapıntılar onun neolit dövrünə aid olduğunu göstərir. Ərdəbildə aparılan arxeoloji tədqiqatlar nəticəsində aşkar edilmiş tapıntılar tunc dövründən buranın intensiv məskun olduğunu sübut edir. Yazılı qaynaqların məlumatına görə ”Ərdəbil IV əsrdə (hicri) Azərbaycanın ən mühüm və ən böyük şəhəri və mərkəzi olmuş, ordu hissələrinin qərargahı, dörd darvazası (İstəxri, 1962, s. 181), bir köhnə qalası var, onun arxasında rəbəzabadı varmış...” (ibn-Hövqəl, 1962, s. 181, Müqəddəsi, 1967, s. 377-378). “Hüdudülaləm” kitabının naməlum müəllifi hicri IV əsrin ikinci yarısında Ərdəbildə olmuş, onu Təbrizdən böyük bilmiş, Vahsudanın əmri ilə tikilən şəhərin yeni qala divarını xatırlatmışdır (Hüdudülaləm, 1962, s. 157). Bütün bunlar o dövrdə Ərdəbil şəhər qalasının mövcud olduğunu göstərir. Ərdəbilin köhnə qalası iki ayrı-ayrı tikinti dövrünə malikdir; alt hissədə müşahidə edilən birinci dövr tikintisi nisbətən kiçik bir qala imiş. Deyilənlərə görə Ağaməhəmmədxan Gürcüstana hərbi yürüşü zamanı, yəni Ərdəbilə gəlmiş və həmin qalada qalmışdı. Ikinci tikintini onun memarlığı, inşaat materiallarını nəzərə alaraq Qacar dövrünə aid etmək olar. Birinci tikinti dövrünün məhsulu olan qala həm çox köhnə idi, həm də müdafiə bürcləri qədim hərb sənətinin tələblərinə, orta əsrlərin silah-sursata uyğun inşa edilmişdi. Buna görə də Fətəlişah dövründə general Qardanın komandanlığı altında Fransanın hərbi heyəti Ərdəbilə gələndə qalanı odlu silahdan istifadə edilən müharibələr üçün yararlı bilmədi. Onun ətrafında yeni hasar çəkdilər, yeni bürclər tikdilər. Yeni qala divarınının ətrafına dərin və enli xəndək qazdırdılar. Şahbağı məhəlləsindən çəkilən kanal vasitəsilə xəndəyin suyunu təmin etdilər. Qalanın şimal və cənub tərəflərində iki böyük və möhkəm qapı quraşdırdılar. Xəndəyin üzərinə asma taxta körpü qoydular. Xəndəyi həmişə su ilə doldurur, körpüləri qaldırırdılar və beləliklə qaladakılar sanki möhkəm bir adada qalırdılar. Bürclərin üzərində iri top qoymuşdular. Divarlarda əskərlərin tüfəng atması üçün mazğal və deşiklər açmışdılar (Səfəri 2001, s. 195/2). Hər iki qala tamamilə dağıldığına görə onların planı haqqında təsəvvürlərimiz Qacar dövründə səyyahların qala haqqındakı rəvayətlərinə, eləcə də tarix mətnlərindəki yazılara əsaslanır. Həmin məlumatlara və arxeoloji araşdırmalarımıza əsasən Ərdəbil qalasının düşünülmüş plan üzrə yerli memarlıq üslubunda inşa olunduğunu təsdiqləyə bilərik. Əslində bu qalanın Qacarlar dövründəki planı erkən islam dövründəki planın böyüdülmüş forması imiş. Ümumiyyətlə, Ərdəbil şəhər qalası üç əsas hissədən ibarət olub: 1- rəbəz: xəndək və bürcləri ehtiva edir; 2- Şəhristanda ictimai-dini binalar və yaşayış evləri cəmləşmişdi. Bu hissə darvazadan başlanır və bütün keçidləri, küçələri, meydanları və istehkamları ehtiva edirdi. 3- Hökmdara məxsus narınqala şəhərin hakim mövqeyə malik sahəsində yerləşir və hökmdarın iqamətgahı hesab olunurdu.

کلید واژگان :

Ərdəbil, Orta əsr, Şəhər, Bacərvan, Bərzənd, Varsan



ارزش ریالی : 300000 ریال
دریافت مقاله
با پرداخت الکترونیک